Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi ġamaxı Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.

 

Qəzanı qubernator tərəfindən təyin edilən rəis idarə edirdi, əhalinin 42,4%-i yarımköçəri həyat sürürdü. Cəbrayılda baramaçılıq, xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olmuşdur. Daşkəsən kəndində uzun illər fəaliyyət göstərən ipək emalı fabriki inqilabdan sonra Xankəndinə köçürülmüşdür. Qəzada 5 ipək fabriki olub. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaranmışdı. 1840-cı ildən bazarlarda rus pulları işləməyə başlayır. 1876-cı ildə, avqust ayının 5-də Cəbrayılda bir sinifli rus məktəbi açıldı. Və nəhayət, 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olmuşdur. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb iĢçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu.

 

Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda özünə ad-san qazanmışdır. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmiş Həsən Həsənov, uzun illər Azərbaycan Respublikasının maarif naziri olmuş, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, rəhbər partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalışmış Yəhya Ağakişiyev, Svetlana Qasımova Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf Hüseynov, keçmiş SSRİ hökumətinin Türkiyə səfirliyinin əməkdaşı olmuş Qaryağdı Həsənov və başqaları bu torpağın yetişdirmələridir. Əməyə bağlılıq, halal zəhmət cəbrayıllıların həyat tərzi olmuşdur. Sosialist Əməyi Qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev və b. əmək qəhrəmanlarının adları, habelə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən 19 yaşlı Cəmil Əhmədovun adları təkcə Cəbrayılda deyil, onun hüdudlarından çox-çox kənarlarda məşhurdur. Hal-hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənov, Milli Bankın prezidenti vəzifəsində işləyən Elman Rüstəmov da Cəbrayıl rayonunun yetişdirmələridir.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal olunmuşdur:

23 avqust 1993-cü il

1.Ərazisi – 1050 kv.km

2.Əhalisi (23.08.93) – 52604 nəfər

3.Əhalisinin tərkibi: kişilər – 25674 nəfər qadınlar – 26930 nəfər

4.Ümumtəhsil məktəbləri – 72

5.Peşə məktəbi – 1 6.Xəstəxanalar – 8

7.Tarixi abidələr: məscidlər – 5 abidələr – 127

8.Muzeylər (filialla) – 2

9.Mədəniyyət ocaqları –149

10.Şəhər – 1

11.Qəsəbə -4

12.Kəndlər – 92



Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış qəsəbələr haqqında


Cəbrayıl rayonu 08.08.1930 -cu ildə yaranmış, işğaldan əvvəl ərazisi 1050 km2, 23 inzibati ərazi nümayəndəliyi olmaqla 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olmuşdur.

Rayon ərazisi 23 avqust 1993 - cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş və hazırda 18547 ailədə birləşmiş 72753 nəfər rayon əhalisi Respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Əhalinin 36 min 285 nəfəri (49.8 faizi) Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, 7 min 436 nəfəri (10.2 faiz) Abşeron rayonunda, 6 min 15 nəfəri (8.3 faizi) Sumqayıt şəhərində, 17 min 439 nəfəri (24 faizi) Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, 5 min 578 nəfəri isə (7.7 faizi) digər şəhər və rayonlarda məskunlaşmışdır.

Ümummilli Lider Heydər Əliyevin 13 may 2002-ci il tarixli 700 nömrəli Fərmanına əsasən Cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həmin ərazidə əlavə 1858 evdən ibarət 5 qəsəbə olmaqla ümumilikdə 4456 evdən ibarət 11 qəsəbə salınmış, hazırda bu qəsəbələrdə 18262 nəfər Cəbrayıllı məcburi köçkün yaşayır.

Həmin 11 qəsəbədə müasir tipli hər biri 280 yerlik 11 məktəb, hər biri 50 yerlik 11 uşaq bağçası, 11 klub, 11 rabitə evi, 5 feldşer-mama məntəqəsi, 5 həkim ambulatoriyası, 11 qəsəbə əhalisinə xidmət göstərən 50 çarpayılıq 1 ədəd Sahə xəstəxanası, qəsəbə nümayəndəlikləri üçün 11 inzibati bina, Baytarlıq idarəsi üçün inzibati bina, 3 qəsəbədə Yanğından Mühafizə idarəsi üçün bina, Rayon icra hakimiyyəti üçün ikimərtəbəli yeni inzibati bina tikilmiş, 624, 256, 272 tutumlu 3 ədəd Elektron ATS, 400 mantaj tutumu olan genişzolaqlı internet şəbəkə və digər infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Qəsəbələrdə hər bir həyətə içməli su xətti çəkilmiş, bu ilin fevral – may aylarında 4456 obanentə su sayğacları quraşdırılmışdır.
Bundan əlavə cənab Prezidentin tapşırığına əsasən 2017-ci ilin fevral ayında adı çəkilən qəsəbələrin qazlaşdırılmasına başlanmış, qısa vaxt ərzində 4456 obanentə qaz sayğacları qoyularaq maye qaz çəkilmiş və həmin ilin mart ayının 11-də açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 iyun 2017-ci il tarixli Sərəncamına əsasən isə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–Onbirinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmirinə başlanmış, 22.5 km uzuluğu olan yol əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.

 

Böyük qayıdışın başlanğıcı -  Cocuq Mərcanlı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 ev, 96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı yol istismar müəssisəsi və digər infrastrukturlar tikilərək istifadəyə verilmiş, kəndə 9 km asfalt örtüklü yol çəkilmişdir.
14 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunun İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.
Cənab Prezidentin “ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, inzibati ərazi dairə üzrə nümayəndəliyin binası və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi tam başa çatdırılmışdır. 30.05.2018-ci il tarixdən sakinlərin kəndə köçürülməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” 13 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən su çəkilşi layihəsi üzrə əsas işlər tam başa çatdırılmışdır.
 

Keçidlər