Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayılzadə Sevindik Ramil oğlunun xatirəsi yad edilib

30 noyabr 2021 | 16:00

    30 noyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan İsmayılzadə Sevindik Ramil oğlunun doğum günü münasibətilə Biləsuvar rayonu ərazisində salınmış 3 saylı qəsəbədəki Şəhidlər xiyabanında və yaşadığı evdə anım tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra  Hakimiyyətinin əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidin məzarı önünə gül dəstələri düzmüş, onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq  xatirələri bir  dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan söhbət açaraq bildirmişlər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız, işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Çıxış edənlər Şəhidin anasına və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
     Sonda məktəblilər Vətənə, torpağa və şəhidlərimizə həsr olunmuş şerlər səsləndirmişlər.

Keçidlər