Şriftin ölçüsü :

Saytın rəngi :

Qayda, qanun hamı üçündür, hamı ona tabe olmalıdır

12 iyun 2020 | 16:00

Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi yenidən və iyulun 1-dək uzadıldı, eyni zamanda, daha 9 şəhər və rayonda bazar günü və bazar ertəsi sərt karantin rejimi tətbiqedildi. İnfeksiyaya yoluxma və ölüm hallarının əvvəlki günlər və aylarla müqayisədə artması belə bir addlma gedilməsini vacib və zəruri edirdi.
   Ötən həftənin şənbə və bazar günləri də bəzi bölgələrimizdə tətbiq olunmuş sərt karantin rejiminin tələblərinə insanlarımız əməl etmiş və anlayış göstərmişlər.
   Çünki bunlar ilk növbədə vətəndaşlarımızın özləri, sağlamlıqları üçün lazımdır. Eyni zamanda, ətrafındakı insanların həyatının təhlükə və risq altına qoyulmaması üçün gərəkdir. Bir insanın bu infeksiyaya yoluxması nəticədə onlarla insanın həyatını, sağlamlığını risq və təhlükə altına salmış olur. Odur ki, hər bir kəs, hər bir vətəndaşımız kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, Operativ Qərargahın,TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, müraciətlərinə, xəbərdarlıqlarına, verilən, tətbiq edilən qaydalara, qərarlara birmənalı şəkildə riayət etməlidir. Heç kim laqeydlik, biganəlik, inadkarlıq, məsuliyyətsizlik göstərməməlidir, onlardan qaydalara və qərarlara riayət edilməsini qanuni şəkildə tələb edənlərə qarşı kobudluq, itaətsizlik etməməlidirlər. Qayda, qanun hamı üçündür və hamı da ona tabe olmalıdır.
   Eyni zamanda, hər kəs bu məsələdə ölkə Prezidentindən, Birinci xanım Mehriban xanım Əliyevadan nümunə götürməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il iyun ayının 9-da üç modul tipli xəstəxananın açılışında çox dərin məzmunlu və geniş çıxışında da bir daha insanlarımızı tibbi masklardan istifadə etməyə səslədi və bunları söylədi: “…Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin…”.Bəli, hər birimizə hər bir məsələdə nümunə və dəstək olan dövlət başçımıza, dövlətimizə bu çətin və həssas günlərdə də bir daha dəstəyimizi nümayiş etdirməliyik, onun çağırışlarını özümüz üçün rəhbər tutmalıyıq. Biz yalnız birlikdə və həmrəyliyimizlə bu bəladan, koronavirus pandemiyasından qurtula və xilas ola bilərik. Biz yalnız birlikdə güclü ola bilərik və birlikdə də güclü olacağıq, güclü olmağı bacaracağıq.

 

Keçidlər