Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib

11 oktyabr 2019 | 16:00
     İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.
     Bununla əlaqədar olaraq oktyabr ayının 10-da Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.
     Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək qonaqları salamlayıb, Cocuq Mərcanlıda reallaşdırılan layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə böyük töhfə olduğunu bildirib.
     İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə regionlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, reallaşdırılan müasir infrastruktur layihələri, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər, özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. 
    ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq SEDA layihəsi çərçivəsində regionlarda, o cümlədən Cocuq Mərcanlıda icra olunan icma əsaslı iqtisadi layihələr barədə məlumat verərək, Azərbaycan hökuməti ilə bu sahədə aparılan uğurlu əməkdaşlığı vurğulayıb.
     Tədbirdə çıxış edən Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
    Tədbir iştirakçıları inkubator məntəqəsi ilə tanış olublar. Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən SEDA layihəsi çərçivəsində yaradılmış inkubator məntəqəsi 4000 ədəd yumurta tutumlu 2 inkubator dolabı və 2400 yumurta tutumlu 1 inkubator çıxış dolabı ilə təchiz olunub.
      Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər