Şriftin ölçüsü :

Saytın rəngi :

Şair İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirilib

25 yanvar 2019 | 16:00
     25 yanvar 2018-ci il tarixdə  “İstiqlal” muzeyində tanınmış şair İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirilmişdir.
     10 dekabr  1945-ci ildə Cəbrayıl rayonunun Böyük  Mərcanlı kəndində anadan olan İsmayıl İmanzadə uzun illər müxtəlif orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışmışdır. Lakin harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb.
    1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan şair  hazırda “Mingəçevir” qəzetinin müxbiri vəzifəsində çalışır.  1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, 1999-cu il oktyabr ayından isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədridir.
      İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub. Bü günə  qədər müxtəlif nəşriyyatlarda iyirmi beş kitabı işıq üzü görüb. 
     Tanınmış bəstəkarlardan Faiq Sücəddinov, Şəfiqə Axundova, Nadir Əzimov, Razim Paşayev, Məlahət Həmidqızı və başqaları şairin sözlərinə müsiqilər bəstələyib.
     “20 Yanvar” etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AZTV-nin qızıl fondunda saxlanılır. 
     Ailəlidir, iki qız övladı var. 
     Şairin qələm dostlarının, ziyalıların və onun yardıcılığının pərəstişkarlarının iştirak etdiyi tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev, şair-publisist Əlirza Xələfli, professor Rüstəm Kamal və başqaları şairin yaradıcılığı, indiyədək işıq üzü görən kitabları barədə danışdılar. Bildirildi ki, o, rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb edib və onların yaradıcılıq məhsullarından ibarət bir neçə almanax və jurnalın da buraxılmasına nail olub.
      Çıxış edənlər şairin poeziya dünyası barədə ətraflı söhbət açaraq yaradıcılığının kamillik dövrünü yaşayan qələm ustasına uğurlar arzuladılar. 
Tədbirdə İ.İmanzadəyə əldə etdiyi yaradıcılıq uğurlarına və mətbuatın  inkişafındakı xidmətlərinə görə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edildi.
    Çıxış edən şair İsmayıl İmanzadə təşkilatçılara və onun yaradıcılığına yüksək dəyər verənlərə minnətdarlığını bildirdi. Rayonun mədəniyyət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi iştirakçılara xoş ovqat bəxş etdi.
 
 
 
Keçidlər