Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Dövlət Bayrağı Günü münasibətilə Cocuq Mərcanlıda olublar

12 noyabr 2018 | 16:00
   Noyabrın 9-da Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. 
   Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi və tələbələr daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş məktəblə tanış olublar. Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı institut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib.
    Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.
   Daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib. Cəbrayıl Rayon İcra Hakimiyyəti müavini Tapdıq Nəsirov qonaqları salamlayaraq, “09 noyabr Dövlət Bayrağı günü” münasibəti ilə təbrik edib. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində görülmüş işlər barədə məlumat verən T.Nəsirov Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurularaq, bütün infrastruktura malik abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb. 
   İnstitutun rektoru Ceyhun Məmmədov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. C.Məmmədov ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Dövlət Bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir”, – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, bu gün biz bu bayrağın ətrafında birləşmişik və millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr vermək olduğunu qeyd edən C.Məmmədov gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün institutda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini bildirib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev və Aİİ-nin tələbələri çıxış ediblər.
 
 
 
 
Keçidlər