Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəb ölkələrinin aparıcı media nümayəndələri Cocuq Mərcanlıya səfər ediblər

25 oktyabr 2018 | 16:00

   Azərbaycanda səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti oktyabrın 24-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olublar.
   Media nümayəndələri əvvəlcə Növruz Aslanov adına  Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Onlara ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
   KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna dönüb. Kənddə növbəti mərhələdə daha 100 fərdi yaşayış evi, uşaq bağçası, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası, digər zəruri infrastruktur obyektləri tikilib və Cocuq Mərcanlıdan olan digər məcburi köçkünlərin buraya köçürülməsinə başlanılıb. Sakinlərin məşğulluğu və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb.
   Sonra qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, namaz qılıblar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılıb, məhv edilib. Şuşa məscidinin bənzərinin Cocuq Mərcanlıda inşa edilməsi rəmzi məna daşıyır.
   Media təmsilçiləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişət və qayğıları ilə maraqlanıblar.

Keçidlər