Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılır

05 iyun 2018 | 16:00

İqtisadiyyat Nazirliyinin və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr həyata keçirilir.

Reallaşdırılan layihələr barədə kənd sakinlərinin ətraflı məlumatlandırılması və görülən işlərin gedişi ilə tanışlıq üçün iyun ayının 4-də Cocuq Mərcanlıda tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Cəbrayıl rayon İcra hakimiyyətinin nümayəndələri və Cocuq Mərcanlı kənd sakinləri iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi tədbirləri haqqında məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb. Nazir müavini istixana və arıçılıq təsərrüfatı sahələrini əhatə edən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətini qeyd edib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Səfir Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatı və heyvandarlığın inkişafında önəmindən danışıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə olduğunu bildirib.

TİKA-nın Bakı proqram koordinatoru Adəm Urfa istixana və arıçılıq sahələrini əhatə edən birgə layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulacaq və 15 ailə üçün 150 arı təsərrüfatı yaradılacaq. Birgə layihələr çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunacaq, bu layihələr üzrə seçilmiş sakinlərə tərəvəz yetişdirilməsi üçün şitillər, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar veriləcək, təlim və məsləhət xidməti göstəriləcək. Eyni zamanda, 15 arı təsərrüfatının hər biri 10 ədəd yeşiklə və 10 arı koloniyası ilə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, əl dəmiri, körük, arıçı libası, yeşik altlığı və s.), müvafiq dərman vasitələri ilə təmin olunacaq. Bu iki layihə çərçivəsində ən azı 30 nəfərin məşğulluğunun, həmçinin minimum 30 ailənin sabit gəlirlə təmin olunması nəzərdə tutulur.

Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları birgə həyata keçirilən layihələr çərçivəsində görülən işlərlə tanış olublar.

Keçidlər