Şriftin ölçüsü :

Saytın rəngi :

İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər edib

31 may 2018 | 16:00

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər may ayının 30-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olublar.

Horadiz-Cocuq Mərcanlı avtomabil yolunun kənarında yerləşən “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Media nümayəndələrinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verib.

Qonaqların diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna qayıdıb. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçünhər bir ailəyə  pay torpağı ayrılıb, sahələrin suvarma suyu ilə təmin olunması üçün yeni nasos stansiyası quraşdırlıb. Sakinlər tərəfindən cari ildə sahələrə qarğıdalı, şəkər çuğunduru və sair bitkilər əkilib. Kənddə istixana və heyvandarlıq komplekslərinin, həmçinin istehsal müəssisələrinin də yaradılması nəzərdə tutulur.

Jurnalistlərə məlumat verilib ki, kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi başa çatıb. Yaxın günlərdə buraya Cocuq Mərcanlı kəndindən olan digər sakinlər köçürüləcək.

Qonaqlar məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidinə gəlib, orada namaz qılıblar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılaraq məhv edilib. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olunub və bu, rəmzi məna daşıyır.

İndoneziyalı media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişəti və qayğıları ilə bağlı sualları cavablandırılıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, minlərlə insan öldürülüb və yaralanıb. İşğal edilmiş ərazilərdəki bir milyondan çox azərbaycanlı əhali öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib.

Keçidlər