Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qəhrəmanlar

ASLANOV ŞİKAR DAVUD oğlu

Aslanov Şikar Davud oğlu 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. İlk təhsilini Süleymanlı  kənd orta məktəbində alan Şikar 1987-ci ildə həmin məktəbi bitirir. 1988-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır, 1990-cı ildə hərbi xidmətini başa vuraraq vətənə dönür və Daxili İşlər Nazirliyinin post-patrul xidmətində polis serjantı kimi xidmətə başlayır. I Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Əsasən Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənin atəş nöqtələrini peşəkarcasına susdurmuşdur. 1992-ci il iyul ayının 2-də gedən növbəti döyüş əməliyyatı zamanı Şikar snayper gülləsinə tuş gələrək ağır yaralanır. Cəsur döyüşçünü hospitala çatdırsalar da həyatını xilas etmək mümkün olmur və gözlərini dünyaya əbədi olaraq yumur. Elimizin qəhrəman oğlu Ş.Aslanov doğulduğu Süleymanlı kəndində də dəfn edilir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hazırda təhsil aldığı Süleymanlı kənd tam orta məktəbi onun adını daşıyır. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!


 

ƏKBƏROV AKİF ABBAS oğlu

ƏKBƏROV AKİF ABBAS oğlu - 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan rayon polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonundakı “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Avqustun 12-də ermənilər “Sarı yer” ə hücum edirlər. Burada Əkbərov Akif qəhrəmancasına həlak olur. Ailəli idi. Beş övladı yadigar qalıb.Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Beyləqan rayonunda dəfn edilmişdir, büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
 


 

HÜSEYNOV VÜQAR TOFİQ oğlu

Vüqar Tofiq oğlu Hüseynov 1969-cu il iyun ayının 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. İlk təhsilini Daşkəsən kənd orta məktəbində alan Vüqar 1986-cı ildə həmin məktəbi bitirir. Bakıdakı 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirərək elektrik qaynaqçısı ixtisasına yiyələnir. 1987-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq vətənə dönür və Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlayır.
V.Hüseynov Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildə başlamış hərbi əməliyyatların qarşısının alınması məqsədi ilə  1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı Milis (polis) dəstəsində xidmətə başlayır. Xocalı, Goranboy, Çaykənd istiqamətində gedən döyüşlərdə rəşadətlə vuruşur, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.
20 iyul 1991-ci ildə erməni qəsbkarlarının Goranboy rayonunun Buzluq kəndinə hücumunun qarşısının alınmasında V.Hüseynov xüsusi fədakarlıq göstərərək qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur. Elimizin qəhrəman oğlu doğulduğu Daşkəsən kəndində də dəfn edilir. Subay idi.
Ölümündən sonra Hüseynov Vüqar Tofiq oğlu “Qırmızı Ulduz” ordeni və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Hazırda təhsil aldığı Daşkəsən kənd tam orta məktəbi onun adını daşıyır. Ruhunuz qarşısındsa baş əyirik!  Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

 


 

QULİYEV VAHİD HƏBİBULLA oğlu

QULİYEV VAHİD HƏBİBULLA oğlu - 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və «Azon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir. O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur.Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi. O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur. Ailəlidir. İki övlad atasıdır. Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir. Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.
 


 

QULİYEV MƏTLƏB KAMRAN oğlu

QULİYEV MƏTLƏB KAMRAN oğlu - 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununlada onun həyatının narahat günləri başlayır o tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi… ermənilər yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu. Ailəli idi, iki övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır, məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.
 


 

MƏMMƏDOV KAZIM ƏRŞAD oğlu

Kazım Ərşad oğlu Məmmədov 1969-cu il oktyabr ayının 1-də Cəbrayıl rayonunun B.Mərcanlı kəndində anadan olmuşdur. 1976-86-cı illərdə 1 saylı B.Mərcanlı kənd orta məktəbində təhsil almışdır. Kazım 1988-1990-cı illərdə Çelyabinsk  şəhərində hərbi xidmət keçmişdir. Erməni işğalçılarının doğma torpaqlarımıza hücumu və vətənə olan sevgisi gənc Kazımı 1991-ci ildə Cəbrayıl rayon Daxili İşlər Şöbəsinə gətirib çıxarır. Polis nəfəri kimi xidmətə başlayan eloğlumuzun, bununla da cəbhə həyatı başlayır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən  döyüşlərdə K.Məmmədov şücaətlə vuruşur. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Zamur kəndinə hücum edir. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edir, azğınlaşmış ermənilər binaya od vururlar, kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak olur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Böyük Mərcanlı kəndində dəfn edilmişdir. Oxuduğu 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır. Ruhunuz qarşısında baş əyirik!  Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər